×
A
A
A
Sazlamalar

Soyuqdəyməyə qarşı ən yaxşı vasitə

Bakı, 22 avqust, AZƏRTAC

Yazın nəfəsi duyulan kimi ilkin çiçəkləyənlərdən biri zoğal ağacı olur. Tez çiçək açsa da, onun barvermə vaxtı avqustun cırhacır istilərinə düşür. Qıpqırmızı meyvələri həm dad-tamı, həm də forması etibarı ilə cürbəcür olur. Xırda-xırda, yumru-yumru, hardasa itburnunu xatırladanı da olur, uzun-uzun, barmağın ucu boyda olanı da. Ağız büzüşdürəni, turşməzə olanı da var, şirinliyindən barmaq yaladanı da.
Qədim zamanlarda aran yerlərində qamışdan, dağlıq yerlərdə isə zoğalın nazik çubuqlarından cəvəran və səbət toxuyardılar. Hətta zoğalın lap nazik çubuqlarından aşı süzmək üçün çətən hörərdilər. Nənələrimiz yun çırparkən məhz zoğal çubuğundan istifadə etmişlər. Meşədə, bulaq üstündə kabab çəkmək üçün şiş axtaranların dadına zoğalın dümdüz çubuqları çatır. Belinə zoğal çubuğu çəkilən adam uzun müddət onun göynərtisini unuda bilməz. Görünür, elə bu keyfiyyətinə görə keçmişdə mədrəsə və molla məktəblərində cəza vasitəsi kimi zoğal çubuğu ilə döyülmək geniş yayılmışdı. O qədər də iri olmayan yaşıl yarpaqlar arasındakı qırmızı zoğal meyvələrini yığmaq heç də asan deyil. Meyvələri yığanda yarpaqlar gicitkən kimi ağrılı olmasa da, çılpaq qollara dalayıcı təsir göstərir.
AZƏRTAC tibbi saytlara istinadla onun təbabətdə istifadəsi haqqında məlumat verir.
Zoğal mürəbbəsi ilə çay içmək orqanizmdən soyuqdəyməni qovub çıxarır. Meyvələrindən hazırlanan axta və turşu müxtəlif xörəklərə tökülərək ona dad verir. Onu hazırlamaq üçün zoğal dənədən çıxarılandan sonra tənəkənin üstündə açıq havada qurumağa qoyulur, quruyandan sonra duzlu suya çəkilərək yığılıb qışa saxlanılır. Qurumuş zoğal dənəsini həvəngdəstədə döyüb toz halına salandan sonra onu çaya töküb qarnı ağrıyan uşağa verirlər. Zoğal lavaşı isladılandan sonra boğazı gələn xəstəyə verilir, diş ağrısı zamanı onu ağrıyan nahiyəyə sürtmək də faydalıdır.
Zoğal şirəsi və mürəbbəsi soyuqdəymə, qızdırma, titrətmə və üşütmə zamanı ən yaxşı təbii vasitə hesab olunur. Onun meyvələrindən şirə, mürəbbə, kompot, povidla, jele, şərbət hazırlanır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edilir. Bundan əlavə, meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala qarşı işlədirlər. Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən malyariyaya qarşı da istifadə olunub. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsini suda çay kimi dəmləyib gündə 2-3 dəfə xəstəyə içiriblər. Zoğaldan hazırlanan lavaş da kənd yerlərində çox yayılıb. Zoğal lavaşından bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi geniş istifadə edilir.

Sağlamlıq klubu 2022-08-22 14:13:00