×
A
A
A
Sazlamalar

“Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı tədqiqatlar davam edir

Bakı, 12 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Botanika İnstitutunun mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanması ilə bağlı bitkilərin növbəti monitorinqi həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın əsas məqsədi yüksək dağlıq ərazilərdə yayılan nadir bitki növlərinin monitorinqinin aparılması, onların yaşayış mühiti və nəslinin kəsilmə səbəbləri haqqında məlumatların toplanmasıdır.
Böyük Qafqazın Quba və Qusar rayonlarına aid ərazisində keçirilən çöl tədqiqat işləri zamanı dəniz səviyyəsindən 2000-3500 metr yüksəklikdəki nadir bitki növləri tədqiq edilib. Tədqiq olunan növlərin əksəriyyəti Qafqazın və Azərbaycan florasının endem-subendem növləri olub, kiçik və fraqmentləşmiş yayılma sahələrinə malik nadir növlərdir.
Həmin növlərin statuslarının qiymətləndirilməsi üçün fotoşəkilləri çəkilib, GPS koordinatları müəyyənləşdirilməklə digər vacib məlumatların qeydiyyatı aparılıb.
Aparılan tədqiqatlar nəticəsində “Qırmızı kitab”ın üçüncü nəşrinə salınması nəzərdə tutulan bitki növlərindən bəzilərinin fotoşəkilləri təqdim olunub.

Ekologiya 2022-08-12 18:00:00