×
A
A
A
Sazlamalar

İslamiada: 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə əldə edib

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yarışda yığmamız B qrupundakı sonuncu oyununda Mərakeş komandası ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb (2:2).
Komandamızın qollarını 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqib komandadan isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqləniblər.
Bu nəticədən sonra millimiz qrupda ikinci yeri tutaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyunu avqustun 14-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Komandamızın rəqibi A qrupunda 3-cü turun qarşılaşmaları başa çatdıqdan sonra müəyyənləşəcək.

İdman 2022-08-12 17:17:00