×
A
A
A
Sazlamalar

Tarix Muzeyində XIII əsrin sonu-XIV əsrin əvvəlinə aid monqol xalatları qorunur

Bakı, 12 avqust, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında xeyli sayda tapıntı qorunur. Onlardan biri 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılmış genişmiqyaslı qazıntılar zamanı üç monqol döyüşçüsünün qəbrindən tapılmış qəhvəyi-yaşıl rəngli ipək geyim (xalat) qalıqlarıdır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Həmin qalıqlar keçən əsrin 50-ci illərinin ortalarında Leninqrada (indiki Sankt-Peterburq) - Ermitaja aparılaraq bərpaçılar tərəfindən astar parçanın üzərinə tikilib.
Muzeyin arxeoloji kolleksiyasında iki ədəd qismən bərpa olunmuş xalat saxlanılır. Mütəxəssislər qəbrin avadanlığına daxil olan digər tapıntıları da nəzərə alaraq həmin xalatları XIII əsrin sonu-XIV əsrin əvvəlinə aid ediblər. Ümumilikdə, həmin xalatlar Azərbaycan tarixinin monqol yürüşləri ilə səciyyələnən mərhələsini öyrənmək, eləcə də ekspozisiya vasitəsilə təqdim etmək üçün qiymətli əşyavi mənbədir.

Elm və təhsil 2022-08-12 17:18:00