×
A
A
A
Sazlamalar

Ukrayna Odessadan çıxan ərzaq dolu gəminin ilk sınağından sonra müvafiq qərarlar verəcək

Kiyev, 1 avqust, AZƏRTAC
Ukrayna ərzaq məhsulları ilə yüklənmiş gəminin Odessa limanından yola düşməsi dəhlizin, kommunikasiyaların və digər prosedurların yoxlanılması üçün ilk sınaq olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri feysbuk səhifəsində məlumat yayıb.
“Bu, gəminin ilk çıxışıdır və dəhlizi, kommunikasiyaları və digər prosedurları yoxlamaq üçün sınaqdır. Bu çıxışın nəticələrinə əsasən müvafiq qərarlar veriləcək”, - deyə məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri əlavə edib ki, onlar vasitəçi tərəflərlə birlikdə ərzaq böhranından çıxmaq üçün naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərirlər.
Qeyd edək ki, taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.
Məlumata əsasən, Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-08-01 13:43:00