×
A
A
A
Sazlamalar

Su dəri təmizlənməsi üçün əsas vasitədir

Bakı, 1 avqust, AZƏRTAC

Üz dərisinə qulluq prosesində intensiv istifadə olunan məhsullar çox vaxt xeyirdən çox zərər verir. Məhz buna görə mütəxəssislər dəri növünə uyğun təmizləyici, serum, nəmləndirici krem və Günəşdən qoruyucu vasitələrin kifayət olduğunu iddia edirlər. Lakin suyun əsas üz təmizliyi vasitəsi olduğunu kosmetoloqlar da təsdiq edir.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın AZƏRTAC-a verdiyi məlumata görə, yalnız su ilə aparılan təmizləmədə əsas məqsəd dəridəki təbii nəmliyi qorumaqdır: “Ancaq yağlı və qarışıq dəri növünə su ilə təmizlik kifayət etmir. Burada diqqət edilməli bir neçə məqam var. İsti su dərinin yağ balansını pozmur və dərini qurudur. Quruluq qırışların və digər dəri problemlərinin yaranmasına səbəb olur. Üzü yuyarkən dərini ovuşdurmaq və üzərindən basaraq təmizləmək yalnız qıcıqlanmaya səbəb olur, bunun əvəzinə dərini yumşaq şəkildə masaj edərək yumaq daha yaxşıdır. Üzü yuyandan sonra yaxşıca yaxalamaq və məsamələrdə təmizləyici qalıq qalmadığına əmin olmaq lazımdır. Əks halda dəridə çətin həll olunan kimyəvi maddələr qala bilər. Xüsusilə çənə altında alma xətti və yanaq kənarların yaxşı təmizləndiyinə əmin olmaq lazımdır”.
Onun dediyinə görə, üzü yuyandan sonra dəsmala sarılmaq və nəmlik izi qalmayana qədər basaraq dərini qurutmaq düzgün deyil, dəsmalla rütubəti yüngülcə çəkmək və dərinin öz nəmini çəkməsini gözləmək daha yaxşıdır: “Belə olanda dərinin nəm balansı qorunur və qırışların yaranmasının qarşısı alınır. Onu da nəzərə almaq lazımdır ki, üzü tez-tez yumaq da təbii yağ balansının pozulmasına, dərinin qurumasına səbəb ola bilər. Ona görə də gündə iki dəfədən çox üzü yumaq lazım deyil. Az yumaq isə üzdə çirkin qalmasına və sızanaqların yaranmasına səbəb ola bilər. Dəri təmiz olandan sonra mütləq ona uyğun tonik və nəmləndiricidən istifadə etmək lazımdır. Dərinin təmizlənmiş açıq məsamələri xarici təsirlərə qarşı həssasdır. Toniklə məsamələr daralır, nəmləndirici isə dəri tərəfindən dərhal sorulur və yağ balansının qorunmasına kömək edir”.

Sağlamlıq klubu 2022-08-01 10:29:00