×
A
A
A
Sazlamalar

Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ölkəmizdə aparılan islahatların tərkib hissəsidir

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimai və humanitar elm sahələri institutlarının yenidən təşkil edilməsinin nəzərdə tutulması ölkəmizdə bütün sahələrdə uğurla aparılan geniş və dərin islahatların tərkib hissəsidir. Zərurətdən və obyektiv səbəblərdən verilmiş, elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına, qarşısında dayanan vəzifələrin müasir tələblərə uyğun yerinə yetirilməsinə yönələn, ölkəmizin ümumi inkişafına faydanı nəzərdə tutan bu Fərman mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Azərbaycan elminin simasını dəyişməyi, səviyyəsini yüksəltməyi və dünyada özünəməxsus yer almasını nəzərdə tutan bu Fərman böyük tarixi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı söyləyib.
Professor bildirib ki, Fərmanın uğurla icra edilməsi nəticəsində ölkəmizdə elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək.
“Elm yedəkdə sürünməyəcək, ölkəmizin ümumi inkişafına kömək edəcək. Gənclər elmə həvəslə gələcək, nəsillər arasında üzvi əlaqə, təbii varislik təmin ediləcək. Dövlətimiz üçün ən vacib olan elmi-tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Universitet təhsilimizin keyfiyyəti yaxşılaşacaq. Prezidentimiz nitqlərində daim vurğulayır ki, ölkəmizin inkişafı qabaqcıl elm, təhsil və yeni texnologiyalardadır. Əslində elmimizin tarixində yeni mərhələ başlanır. Görüləcək işlər xeyli çox, ağır və məsuliyyətlidir. İndi hər şey icraçılardan, bu işə məsul şəxslərdən asılıdır”, - deyə professor Musa Qasımlı vurğulayıb.

Elm və təhsil 2022-07-30 11:32:00