×
A
A
A
Sazlamalar

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi Avropa çempionatında bürünc medal qazanan idmançımız ilə görüşüb

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanan idmançımız Ramil Vəlizadə ilə görüşüb.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə müstəqil Azərbaycanın üzgüçülük tarixində bir ilkə imza atıldığı, bu qələbənin ölkəmizdə idmanın inkişafına göstərilən qayğının bariz nümunəsi olduğu vurğulanıb. Federasiyanın baş katibi Fərid Bənənyarlı ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, bunun nəticəsi kimi Azərbaycan idmançılarının dünya arenalarında böyük nailiyyətlər qazandıqlarını bildirib.
“Azərbaycanda su idman növlərinin daha da inkişaf etdirilməsini qarşımıza məqsəd qoyulub. Bunun üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Bu sahənin inkişafına Gənclər və İdman Nazirliyi də öz dəstəyini göstərir. Biz də öz növbəmizdə artıq yeni bir sistemlə işimizi qurmağı nəzərdə tutmuşuq. Bunun üçün də bir sıra yeniliklər etməyi planlaşdırmışıq. Artıq görülən işlər öz bəhrəsini verməyə başlayır. Ramil Vəlizadənin qələbəsi hamımızı sevindirir. Ümidvarıq ki, Ramillə bərabər digər idmançılarımız da, yüksək nəticələr qazanıb Azərbaycan bayrağını qaldıracaqlar”, - deyə F.Bənənyarlı əlavə edib.
R.Vəlizadə ona və digər idmançılara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlığımı bildirib. O, daha yüksək nəticələr əldə etmək üçün bundan sonra da ciddi səylər göstərəcəyini bildirib.
Sonra R.Vəlizadəyə federasiyanın rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.

İdman 2022-07-22 16:29:00