×
A
A
A
Sazlamalar

Teymur Rəcəbov: Mən bütün şüurlu həyatımı şahmata, doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib.
AZƏRTAC xəbər verir ki, şahmat karyerası ərzində əldə etdiyi nailiyyətləri sadalayan 35 yaşlı qrosmeyster deyib: “Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm - doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. İndi mən səhhətimə görə məcburi - fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.
Həmçinin turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və postCOVID sindromu ilə ağırlaşmalara səbəb olan xəstəliyə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stresi qadağan edib.
Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəyəm. Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəyəm və komanda yoldaşlarımlar birgə həyəcanlanacağam.
Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm!”

İdman 2022-07-21 18:35:00