×
A
A
A
Sazlamalar

U-15 Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb

Bakı, 21 iyul, AZƏRTAC

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 4 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri qarşılayıblar.
Milli komandanın böyük məşqçisi Əbilfət Məmmədov deyib: “Yarışda iştirak edən 13 idmançımızdan 12-si medal qazandı. Komanda hesabında 205 xalla birinci yeri tutduq. Bu uğurun səbəbi bizə göstərilən qayğıdır. İdmançılar və məşqçilər adından federasiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Avropa çempionatına çox yaxşı hazırlaşmış, təlim-məşq toplanışları yüksək səviyyədə keçmişdi. Şükür Allaha, nəticələrimiz də yaxşı oldu. Planlaşdırdığımız nəticəni əldə etdik. Ancaq 1 qızıl artıq qazana bilərdik”.
Avropa çempionu Turan Daşdəmirov bildirib ki, məşqçilərimizə, üzərimizdə əziyyəti hər kəsə minnətdarlığımı bildirirəm. Gələcəkdə də Avropa və dünya çempionu olmaq istəyirəm.
Qitə birinciliyində qızıl medal qazanan Yusif Əhmədli yarışda 5 görüş keçirdiyini deyib: “Güclü rəqiblərlə qarşılaşdım. Finalda 0:1 hesabı ilə geridə idim. Ancaq daha sonra bolqar rəqibimə “tuşe” ilə qalib gəldim. Bundan sonra hədəfim dünya çempionu olmaqdır”.
Qeyd edək ki, Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) qızıl, Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) gümüş, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə bürünc medal qazanıblar.


 

 

İdman 2022-07-21 14:32:00