×
A
A
A
Sazlamalar

“Baku ID” tədbirində startapçılar öz layihələrini təqdim ediblər VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də “SABAH.lab” Akselerasiya Mərkəzi tərəfindən “Baku ID” startap və innovasiyalar tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, İdarə Heyətinin üzvü Rəşad Tağıyev, marketinq meneceri Fərhad Paşayev və digər çıxış edənlər “Baku ID” barədə məlumat verib, tədbirin əhəmiyyətin vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, tədbirdə yerli startaplar investorlar qarşısında çıxış edərək investisiya almaq şansı əldə edəcək və investorlar ilkin mərhələdə startaplara yatırım edə biləcəklər. Həmçinin qonaqlar beynəlxalq startap şəbəkəsi ilə yaxından tanış ola biləcəklər. Tədbirin əsas məqsədi ən güclü yerli startap layihələrini ekosistemin tanınmış yerli və beynəlxalq investorları, ekspertləri və mentorlarına təqdim etmək və innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.
Tədbirin təşkilatçısı olan “SABAH.lab” Akselerasiya Mərkəzi 2021-ci ildən etibarən Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Mərkəzin digər tərəfdaşı da Avropanın nüfuzlu IE Biznes Məktəbidir. “SABAH.lab” indiyə qədər “Yarat” və “Sürət” proqramlarını icra edib. Hər iki proqramda ümumilikdə 21 rezident komanda iştirak edir. Tədbirin baş sponsoru “Kapital Bank”dır. Həmçinin “British Petrolium”, “Qala Sığorta” və “Qala Həyat” kimi şirkətlər tədbirin sponsorları sırasında yer alır.
“Baku ID” tədbiri çərçivəsində “SABAH.lab”ın 21 rezident komandası çıxış edir. Onlar arasında təhsil, tibb, moda, insan resursları texnologiyaları, e-Ticarət, NFT və blokçeyn texnologiyaları, İnfluenser Marketinq platforması və digər sferalardan startaplar mövcuddur. Bu startapların 10-u 6 aylıq “Yarat”, 11-i isə 3 aylıq “Sürət” proqramından uğurla məzun olacaq. Proqramlar IE Biznes Məktəbi və ABŞ-da fəaliyyət göstərən vençur kapital fondu olan “Starta VC”nin dəstəyi ilə həyata keçib.
Qeyd edək ki, aprelin 22-də “SABAH.lab” tərəfindən təşkil olunan “Demo Day” tədbirindən sonra 21 rezidentin 18-i 25 min manat məbləğində investisiya əldə edib. Hazırda rezidentlər vençur kapital fondlarından və şəxsi investorlardan investisiya əldə etmək imkanı axtarışındadırlar. “Baku ID” tədbiri məhz bu imkan üçün fürsət təqdim edir.

Texnologiya 2022-07-18 10:10:00

Video