×
A
A
A
Sazlamalar

Süni intellekt texnologiyalarına əsaslanan kobot jurnalistikanın formalaşması problemləri tədqiq edilir

Bakı, 15 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş mütəxəssis Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan kobot jurnalistika” mövzusunda məruzə ilə çıxış edərək, kobotlar (collaborative robot – əməkdaş robot) haqqında məlumat verib. O, kobotun süni intellektə əsaslanan robot olub, insanlarla birlikdə işləmək üçün hazırlandığını diqqətə çatdırıb.
Kobotlardan tibb, biznes, logistika və digər sahələrdə istifadə edildiyini söyləyən S.Zalova onların jurnalistikada tətbiqindən söz açıb. O, kobot jurnalistikada mövcud olan problemlərdən danışıb, bu sırada avtomatlaşdırılmış məzmunun qarşılıqlı əlaqədən və yaradıcılıqdan kənarda qalması, fərdi məlumatların təhlükəsizliyinin təmin olunması və digər məsələləri diqqətə çatdırıb.
Tədqiqatçı bildirib ki, kobot jurnalistika media qurumları və redaksiya işçiləri tərəfindən düzgün qiymətləndirilərsə, potensial avtomatlaşdırılmış texnologiyalar jurnalistlər üçün daha müstəqil və peşəkar mühit təqdim edə bilər.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-07-15 17:26:00