×
A
A
A
Sazlamalar

Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind 70.3” turniri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarış “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.
Doxsan iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr məsafəyə üzüblər. Sonra idmançılar 90 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 21,1 kilometr qaçıblar. Turnir həm fərdi, həm də estafet formatında keçib.
Ukraynalı idmançı Daniil Sapunov birinci, “Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxıstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə “İron Womanı” idmançısı Rəbiyyə Orucova tutublar.
Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.
Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov turnirdə iştirak ediblər.

İdman 2022-07-03 18:57:00