×
A
A
A
Sazlamalar

Ankarada azərbaycanlı hərbi feldşerlərə diplomlar təqdim olunub

Ankara, 1 iyul, AZƏRTAC

Türkiyənin Tibb Elmləri Universiteti Gülhanə Elmi və Tədqiqat Xəstəxanasının gizir feldşer məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi bu il də 2021-2022-ci tədris ili üçün təşkil olunmuş ənənəvi Məzun Günü tədbiri böyük coşqu və izdihamla qeyd edilib.
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, iki illik təhsil proqramı üzrə təhsilini müvəffəqiyyətlə bitirən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə diplomlar Məzun Günündə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndələri-ədliyyə polkovnik-leytenantı Bəxtiyar İbrahimov və mayor Tural Məmmədov tərəfindən təqdim edilib.
Hərbi Attaşelik Aparatının zabitləri gənc hərbi feldşerləri diplom almaları münasibətilə təbrik edərək, onlara Azərbaycanın işıqlı gələcəyi, Silahlı Qüvvələrimizin inkişafı naminə xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Ordu 2022-07-01 19:19:00