×
A
A
A
Sazlamalar

Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Bakı, 30 iyun, AZƏRTAC

Avqustun 3-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Xızı rayonu “Şurabad” qum, 5 lot üzrə Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı, 5 lot üzrə Qaradağ rayonu “Vulkan” əhəngdaşı, 1 lot üzrə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı, 4 lot üzrə Qaradağ rayonu “Karvansaray” əhəngdaşı, 1 lot üzrə Daşkəsən rayonu “Bulaqlı” mərmərləşmiş əhəngdaşı və 1 lot üzrə Salyan rayonu “Babazənən 1” gil yataqları satışa çıxarılacaq. Başlanğıc qiyməti 1920 manatla 45 min 140 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış olmaq mümkündür ( www.meda.gov.az).
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra iki iş günü ərzində başlanğıc qiymətinin 10 faiz miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və beh məbləğini ödəmək üçün eyni zamanda, Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. “Çağrı” mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk küçəsi, 20, Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

 

 

Ekologiya 2022-06-30 16:37:00