×
A
A
A
Sazlamalar

ICESCO-nun Baş direktoru: Təhsil hüququ hərtərəfli rəqəmsal təhsili ehtiva etməlidir

Qahirə, 30 iyun, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd Al Malik bildirib ki, rəqəmsallaşmanın sürətli tempi fonunda təhsil hüququ hərtərəfli rəqəmsal təhsili ehtiva etməlidir. O vurğulayıb ki, təhsil daim inkişaf edir və bu da öz növbəsində sabahın məktəblərini süni intellekt texnologiyalarına əsaslanan qabaqcıl rəqəmsal təhsil ocaqlarına çevirəcək.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, UNESCO-nun Parisdəki mənzil-qərargahında BMT-nin Təhsil Transformasiyası Sammitindən (TES) öncə nazirlərin və maraqlı tərəflərin cəlb edilməsindən ibarət yüksək səviyyəli görüşdən sonra ICESCO-nun təşkil etdiyi ziyafətdə çıxış edən Salim Al Malik ödənişsiz təhsili təşviq etmək, tələbələrin ehtiyaclarına cavab verən tədris metodlarını qəbul etmək, müxtəlifliyə və inklüzivliyə üstünlük vermək və məlumatların qorunması üçün qanunvericilik bazalarını yeniləmək üçün rəqəmsallaşmanın potensialından yararlanmağa çağırıb. O əlavə edib ki, təhsilin transformasiyası və təhsil sistemlərinin inkişafı ölkələr və ixtisaslaşmış beynəlxalq təşkilatlar arasında ciddi və davamlı əməkdaşlığı, maraqlardakı fərqlərdən asılı olmayaraq, tərəfdaşlığın gücləndirilməsini tələb edir.
Baş direktor qeyd edib ki, ICESCO müasir texnologiyalara əsaslanan həllər tapmaq üçün İslam dünyasında təhsilə sərmayə qoymaq, təcrübə mübadiləsi aparmaq, proqram və layihələr həyata keçirmək və seminarlar təşkil etmək yolu ilə hərtərəfli, davamlı və bərabər təhsil sistemlərinin inkişafında təşkilata üzv dövlətləri dəstəkləməyə çalışır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Elm və təhsil 2022-06-30 14:54:00