×
A
A
A
Sazlamalar

Tarix Muzeyində gil araba modeli qorunur

Bakı, 30 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Mingəçevir tapıntılarından ibarət materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, həmin materiallar müxtəlif illərdə Mingəçevirdə aparılan arxeoloji axtarışlar zamanı aşkara çıxarılıb.
Mingəçevir tapıntıları forma və məzmun baxımdan çox rəngarəngdir. Onların arasında maraqlı maddi mədəniyyət nümunələri çoxluq təşkil edir. Belə nümunələrdən biri gil araba modelidir. Model 1946-cı ildə muzeyin əməkdaşı, arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında aparılan arxeoloji axtarışlar zamanı torpaq qəbirdən tapılıb. Ön tərəfində iri dəliyi olan araba modeli gümbəzvari formada gildən düzəldilib. Gövdə yanlarda iki təkər üzərində durur.
Bu nümunə mütəxəssislər tərəfindən eramızdan əvvəl IX-VII əsrlərə və ya Erkən Dəmir dövrünə aid edilir. Araba modellərinin hazırlanması və sonradan mərhumla birlikdə qəbirə qoyulması isə daha çox həmin nəqliyyat vasitəsinin axirət dünyası ilə bağlı inanclar sistemində özünəməxsus yerinin olması ilə əlaqədardır.
Ümumiyyətlə, Mingəçevir qazıntıları zamanı Erkən Dəmir dövrünə aid dörd araba modeli tapılıb.

Elm və təhsil 2022-06-30 14:52:00