×
A
A
A
Sazlamalar

BDU-da tədbir: Şanlı Ordumuz qürurumuzdur

Bakı, 24 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan “Şanlı Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, tarixi varislik ənənəsinə uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi təhsil sisteminin əsası qoyulub, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Müstəqil Azərbaycanın ordu quruculuğu Ümummilli Liderin adı ilə bağlıdır. Dahi rəhbər 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. 2001-ci il 20 avqust tarixli Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. Silahlı Qüvvələrin quruculuğu, təkmilləşdirilməsi və inkişafı prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, maddi-texniki təchizatı gücləndirilib. Məhz bu tədbirlər nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalıb.
Dəyirmi masada Tarix fakültəsinin dekanı tarix elmləri doktoru, professor İbrahim Zeynalov, Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, Vətən müharibəsi qazisi, Tarix fakültəsinin məzunu İsrail Əzimov və digər çıxış edənlər Azərbaycanda Milli Ordu quruculuğunun tarixi kökləri, mərhələləri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyəti, Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda Silahli Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Vətən müharibəsi qazilərinə Tarix fakültəsinin professor–müəllim heyəti tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır. Zəfər epopeyası” adlı kollektiv monoqrafiya təqdim olunub.

Elm və təhsil 2022-06-24 18:34:00