×
A
A
A
Sazlamalar

Dubayın turizm sektoru postpandemiya dövrünə qədəm qoyur

Qahirə, 23 iyun, AZƏRTAC

Dünyanın ən mühüm turizm istiqamətlərindən biri olan Dubayda əcnəbi turistləri cəlb etmək məqsədilə yeni layihələr həyata keçirilir.
AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, Dubaydakı ən böyük 60 otel əcnəbi turistlərə “Daha çox qal, daha az ödə” konsepsiyası üzrə xidmət edir. Belə ki, 7 gün oteldə qalan turist cəmi 5 günün pulunu ödəyir. Otellərdə bir həftədən artıq qalan qonaqlara ciddi endirim edilməsi sayəsində bu ilin yanvar-may aylarında onların doluluq səviyyəsi 76 faizə çatıb. Bu, pandemiyadan sonrakı dövrdə qeydə alınan ən yüksək rəqəmdir. Bundan başqa, otellərdə uzun müddət qalan turistlər üçün endirimli ekskursiyalar da təşkil olunur. Hazırda otellərin doluluq səviyyəsinə görə Dubay dünyada birinci yeri tutur. Sonrakı yerlərdə Nyu-York (61 faiz), London (60 faiz) və Paris (57 faiz) gəlir.
Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında bu şəhərə 6,17 milyon əcnəbi turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü il müqayisədə 197 faiz çoxdur.
Yay mövsümündə əcnəbi turistlərin istirahətinin mənalı keçməsi üçün Dubay otelləri dünyanın məşhur müğənnilərini, Hollivud və Bollivud ulduzlarını da dəvət edir. DET-in əsas hədəfi turist axınını pandemiyadan əvvəlki dövrə çatdırmaqdır. Qeyd edək ki, 2019-cu ildə Dubaya 16,8 milyon əcnəbi turist gəlmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Turizm 2022-06-23 18:55:00