×
A
A
A
Sazlamalar

Azərbaycan-Macarıstan Məzunlar Birliyinin yeni sədri və idarə heyəti seçilib

Budapeşt, 23 iyun, AZƏRTAC
Azərbaycan Macarıstan Məzunlar Birliyinin yeni sədri və idarə heyətinin üzvləri seçilib.
AZƏRTAC xəbər verir ki, əsasnaməyə uyğun olaraq qurumun yeni tərkibinin müəyyən olunması üçün onlayn qaydada seçki keçirilib. Səsvermə əsasında MirGünay Bayramova Azərbaycan-Macarıstan Məzunlar Birliyinin sədri, Hikmət Həsənov, Aysel Məmmədzadə və Murad Aslan sədr müavinləri vəzifələrinə təsdiq olunublar. Digər namizədlərin isə idarə heyətinə üzvlüyü təsdiqlənib.
MirGünay Bayramova Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının 2020-ci il, Azərbaycan-Macarıstan Hökumətlərarası Təqaüd Proqramının 2022-ci il magistratura məzunudur. Hazırda peşəkar fəaliyyətini Macarıstanın “Vodafone” şirkətində mütəxəssis olaraq davam etdirir.
AZƏRTAC-a müsahibəsində MirGünay Bayramova yeni fəaliyyət ilində görəcəyi işlərdən danışıb. Bildirib ki, təşkilatın rəhbəri kimi üzvlərin şəbəkələşməsinə, məzunlar arasında effektiv inteqrasiyanın artırılması istiqamətində layihələrin, eləcə də sosial layihələrin həyata keçirilməsinə, uzunmüddətli və perspektivli əməkdaşlığın qurulmasına çalışacaq.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt 

Elm və təhsil 2022-06-23 18:11:00