×
A
A
A
Sazlamalar

Qəbələdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

Qəbələ, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan müharibə iştirakçılarına medallar təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirmiş qəhrəman oğullar iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, medalların təqdim edilməsi münasibətilə keçirilən mərasimdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb. Çıxış edənlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin valideynlərinə səbir diləyib, müharibə iştirakçılarına, qazilərə cansağlığı arzulayıblar.
Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-06-23 13:53:00