×
A
A
A
Sazlamalar

Sağlamlıq imkanları məhdud uşaqların stolüstü paratennis idman növünə kifayət qədər çox marağı var

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov stolüstü paratennis idman növü üzrə milli komandanın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İ.Rəhimov komanda üçün yaradılan şəraitlə, məşqlərin gedişatı ilə maraqlanıb, qarşıdan gələn turnirdə komandaya uğurlar arzulayıb.
Görüş zamanı Komitə prezidenti İ.Rəhimov ölkəmizdə uşaq paralimpiya hərəkatından da söz açıb. O, bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların bu idman növünə kifayət qədər çox marağı var. Gənc idmançıların gələcəkdə beynəlxalq arenalarda da böyük nailiyyətlər əldə edəcəyindən əminliyini diqqətə çatdırıb.
Milli komandanın baş məşqçisi Ruqiyyə Qubuşova idmançıların hazırkı fiziki və psixoloji hazırlığı, eyni zamanda, Zaqatala Olimpiya İdman Kompleksində milli komanda üzvləri üçün keçirilmiş təlim-məşq toplantısı barədə Komitə rəhbərliyinə məlumat verərək deyib ki, komandamız qarşıdan gələn yarışa tam hazırdır. O, həmçinin uşaq paralimpiyaçıların hazırlıq prosesi barədə də Komitə prezidenti İ.Rəhimovu məlumatlandırıb. R.Qubuşova vurğulayıb ki, uşaq paralimpiya hərəkatının yetirməsi Dinara Sunçeleyeva da qarşıdan gələn yarışda milli komandanın üzvü olaraq iştirak edəcək.
Görüşə Milli Paralimpiya Komitəsinin icraçı direktoru Eldar Babayev, icraçı direktorun müavini, idman şöbəsinin müdiri Rauf Mürsəlov, güllə atıcılığı idman növü üzrə baş məşqçi Yusif Abdullayev və güllə atıcılığı üzrə milli komandanın üzvü, Fransanın Şatoru şəhərində yüksək nəticə əldə edərək dünya çempionatına lisenziya qazanmış Aybəniz Babayeva qatılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin stolüstü paratennis idman növü üzrə milli komandasının üzvləri bu il iyunun 23-25-də Çexiyanın Ostrava şəhərində keçiriləcək “Chezc Para Open” turnirində iştirak edəcəklər.
Eyni zamanda, Azərbaycan stolüstü paratennis komandasının İslam Həmrəylik Oyunlarında ilk dəfə olaraq iştirakı nəzərdə tutulub.

İdman 2022-06-20 18:34:00