×
A
A
A
Sazlamalar

Azərbaycan komandası Avropa çempionatını 4 bürünc medalla başa vurub

Bakı, 19 iyun, AZƏRTAC
İyunun 15-dən 19-dək İsrailin Təl-Əviv şəhəri daha bir mötəbər idman yarışına, bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.
AZƏRTAC Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan komandası bu mötəbər yarışda 4 bürünc medal qazanıb.
Komandamızın aktivinə ilk medalı gənclər arasında Kamila Qafarova yazdırıb. Hakimlərdən 28.550 xal alan idmançımız özünəinamlı çıxışı ilə gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Yarışın növbəti günü Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medala sahib olub. Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdiriblər. Belə ki, qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki mükafat əlavə edib. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal əldə etməyə müvəffəq olublar.
Fərdi növdə ölkəmizi təmsil edən yığma komandamızın təcrübəli üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova finalda özünəinamlı, dəqiq çıxış nümayiş etdirsələr də, təəssüf ki, hakimlərdən aldıqları xallar mükafatçılar sırasına düşmək üçün yetərli olmayıb. Zöhrə Ağamirova finalda gürzlərlə 6-cı, topla 8-ci pillədə qərarlaşıb. Arzu Cəlilova isə həlledici mərhələdə lentlə çıxışını 8-ci yerdə başa vurub.

İdman 2022-06-19 21:20:00