×
A
A
A
Sazlamalar

Deputatlarla I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında təşkil edilən minifutbol üzrə Zəfər Kubokunun final oyunundan öncə Milli Məclisin deputatları ilə I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq matçı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra qarşılaşmanı fəxri qonaq qismində izləyən Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Turnirin təşkilatçılarına təşəkkürünü bildirən M.Məmmədov bu cür turnirlərin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı Tahir Mirkişili öz komandası adından təşkilatçılara təşəkkür edib. Azərbaycan xalqının mübariz olduğunu bildirən deputat qeyd edib ki, 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsi qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. T.Mirkişili bildirib ki, hər bir idmançı idmanın bütün növlərində, eləcə də futbolda əzmlə qələbə uğrunda mübarizə aparmalıdır.
İAM-ın sədri Elşən Məmmədov isə hər iki komandanın üzvlərinə minnətdarlığını bildirərək, deputatların turnirə böyük dəstək olduqlarını, onların bəzilərinin fəxri qonaq qismində oyunlarda iştirak etdiklərini söyləyib. O, sonda iştirakçı komandalara uğurlar arzulayıb.
Sonra mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından pul mükafatı təqdim olunub.
Ardınca isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib. İAM sədri isə öz növbəsində qarşı tərəfə xatirə hədiyyəsi təqdim edib.
Yoldaşlıq görüşündə deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.
"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.
Qarşılaşma jurnalistlərdən ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu izləyənlər arasında şəhid jurnalistlərin ailə üzvləri də olub.
Xatırladaq ki, Milli Məclisin deputatları Zəfər kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər kubokuna verilən dəyərin təzahürüdür.

İdman 2022-06-19 18:08:00