×
A
A
A
Sazlamalar

Qarabağ atları V Etnospor Mədəniyyət Festivalında VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, İstanbulda V Etnospor Mədəniyyət Festivalının açılışı olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya və digər ölkələrin təmsilçilərinin qatıldıqları festivalın açılış mərasimində ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.
Festival çərçivəsində Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev arasında görüş keçirilib, bu mədəniyyət festivalına dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq bildirilib, tanınmış heykəltəraşımız Hamlet Musayevin “Qarabağ ailəsi” adlı əsəri hədiyyə olunub.
Bilal Ərdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından, təmsilçilərimizin bu tədbirlərdə artıq ənənəyə çevrilən möhtəşəm çıxışlarından məmnunluğunu ifadə edib. O, Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etdiyini diqqətə çatdırıb.
Görüşdə cari ilin sentyabrında Etnospor Mədəniyyət Festivalının Azərbaycanda keçirilməsi məsələsi müzakirə olunub.
Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində təmsilçilərimizin festivalın açılış günündə nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıqla və hərarətli alqışlarla qarşılanıb.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçirilir. Dörd gün davam edəcək bu tədbirlərdə bir milyondan artıq insanın iştirakı gözlənilir.

İdman 2022-06-12 13:12:00

Video