×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr

Bakı, 9 iyun, AZƏRTAC

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında paytaxt məktəbliləri uğurlu nəticə göstəriblər.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri maraqlı layihələrlə çıxış ediblər.
“TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində paytaxtdakı 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Maraqlı layihələrdən biri 20 nömrəli məktəb-liseyin VII sinif şagirdi Mehdi Musayevin kapitanı olduğu “TechnoCad” komandasına məxsus “Smart Trashbin” layihəsidir. “TechnoCad” müsabiqəyə qatılan 141 komanda arasında final mərhələsinə keçən 25 komandadan biri olub. Komanda insanların həm işini asanlaşdıracaq, həm də gigiyenik baxımdan qeyri-adi zibil qutularının layihəsini hazırlayıb. Zibil qutusunun iş prinsipi belədir - əlimizi 4 santimetrədək yaxınlaşdırdıqda servomotor hərəkətə gələrək qutunun qapağını açır. Bu qutuların istifadəsi gigiyenanı təmin etməklə yanaşı, ayaqdan əlil insanların qutunu asanlıqla açmasını da təmin edəcək.
“Timely transport” kəşfi 189-190 və 236 nömrəli tam orta məktəblərin VII sinif şagirdlərinə məxsusdur. İcadın məqsədi təcili tibbi yardımın mənzil başına vaxtında çatmasıdır. Belə ki, bu qurğunun köməyi ilə tibbi yardım avtomobili tıxac vaxtı digər avtomobillərin üzərindən keçmək imkanı qazanacaq.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Yaşıl texnologiyalar” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib.

Texnologiya 2022-06-09 16:57:00