×
A
A
A
Sazlamalar

Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışında ilk qaliblərin adları müəyyənləşib

Bakı, 29 may, AZƏRTAC

Dünən Bakıda start götürən atıcılıq üzrə dünya kuboku yarışında ilk qaliblərin adları bəlli olub.
AZƏRTAC xəbər verir ki, 10 metr məsafəyə tüfəngdən atəşaçma yarışında kişilər arasında serbiyalı Lazar Kovaçeviç ən yüksək nəticə göstərərək birinci yeri tutub. O, həlledici mərhələdə 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi üstələyib. Bürünc medalı isə qazaxıstanlı İslam Useynov əldə edib.
Bu növ üzrə qadınlar arasında keçirilən final yarışında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Rumıniyalı İli Laura-Georgeta bürünc medala sahib olub.
Qadın və kişilər arasında tapança atıcılığı (10 metr) üzrə finallar da bu gün keçiriləcək.
İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.
Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

İdman 2022-05-29 12:34:00