×
A
A
A
Sazlamalar

“TEKNOFEST Azərbaycan” festivalında ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələr təqdim olunur

Bakı, 27 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” müsabiqəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, müsabiqədə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə və bərpa olunan enerji mənbələri istiqamətində ekoloji təhlükəsiz və iqtisadi baxımdan səmərəli layihələr təqdim olunur. Bərpa olunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyalarının təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - “Baku Skills”, Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər, yaxud sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanıb.

Elm və təhsil 2022-05-27 12:41:00