×
A
A
A
Sazlamalar

Polkovnik Abdulla Qurbani: Qardaş Türkiyənin “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının beynəlxalq brendə çevrilməsi Azərbaycandan start götürür

Bakı, 26 may, AZƏRTAC

Bu gün doğma Azərbaycanımız üçün əlamətdar, qürurverici bir gündür. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı Qələbə əhval-ruhiyyəsi ilə yaşayan, böyük gələcəyə daha nikbin ümidlərlə baxan Azərbaycan xalqının, eləcə də qardaş Türkiyənin, dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızın, dünya azərbaycanlılarının diqqəti indi doğma Bakımızdadır. Paytaxtımız bu gündən başlayaraq mayın 29-dək şüarı “Bir millət, iki dövlət, tək festival” olan “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi edəcək.
Festival çərçivəsində Azərbaycan və türk pilotların iştirakı ilə keçiriləcək aviaşounun aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında bildirib: “1918-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azadlıq meydanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş hərbi paradda, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında yenə bir yerdə idik. Bu gün də Bakıda Türkiyə və Azərbaycanın qardaşlığının daha da möhkəmlənməsinin, qüdrətlənməsinin təcəssümü olan böyük bir bayramın şahidləri və iştirakçılarıyıq.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Texnoloji Takımı” – T3 vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu gün Bakımızda təntənəli açılışı olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı sayca beşinci olmaqla yubiley festivalıdır”.
Polkovnik A.Qurbani qeyd edib ki, paytaxtımızdakı məşhur “Crystall Hall”da və Dənizkənarı Bulvar ərazisində keçirilən möhtəşəm festivalın təşkilatçısı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və “Türkiyə Texnoloji Taqımı” – T3 Vəqfidir. Belə bir əhəmiyyətli yubiley tədbirinin Türkiyənin hüdudlarından kənarda – Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. “TEKNOFEST”in beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürəcək. Dörd gün davam edəcək festivalda ümumilikdə 200 mindən çox tamaşaçının və dünyanın 33 ölkəsindən 500-ə yaxın əcnəbinin iştirakı gözlənilir. Festivalın ilk günündəki böyük qələbəlik təsdiq edir ki, iştirakçıların sayı daha da artacaq.
A.Qurbani qeyd edib ki, festival çərçivəsində 8 texnologiya müsabiqəsi keçiriləcək. Pilotsuz uçuş aparatları, model peyk, planer, “Baku skills” (3D çap), aqrar texnologiyalar, robototexnika, sosialyönümlü texnologiyalar, “Yaşıl” texnologiyalar müsabiqələrində texnoloji biliklərini və məharətlərini sınayan 5 mindən çox gənci birləşdirən, 1000 komandadan seçilən 1000 nəfərlik 170 komanda final mərhələsində qələbə uğrunda mübarizə aparacaqlar.
“Bu festivalın keçirilməsi həm də vacib bir məqsədə xidmət edir – yerli innovativ texnologiyaların inkişaf etdirilməsi və ölkənin xarici texnologiyalardan asılılığının əhəmiyyətli dərəcədə azalmasına nail olmaq”, - deyən polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, festival çərçivəsində “Take-off startap” sammiti, “Smart Qarabağ” hakatonu, Türk Dövlətləri Təşkilatlarına üzv dövlətlərin İKT üzrə nazirlərinin toplantısı, kiber-oyunlar üzrə Avropa kuboku və sərgilər də böyük marağa səbəb olacaq.
Sərgilərdə Azərbaycandan 14, Türkiyədən isə 48 dövlət qurumu, şirkətlər və universitetlər təşkil etdikləri stendlərin ekspozisiyası ilə tamaşaçıları tanış edəcəklər. Bu sərgilərdə texnoloji məhsul və həllər, eləcə də ali və ümumtəhsil müəssisələrində təhsil alan gənclərin hazırladıqları prototiplər, STEM layihələri nümayiş olunacaq.
Açıq ərazidə yerləşən statik məkanlarda pilotsuz uçuş aparatları, zirehli texnikalar və helikopterlər sərgilənəcək. Ziyarətçilər “Akıncı”, “Bayraktar-TB2”, “Harop”, “Hermes”, “Quzğun”, “Orbiter” kimi dronlara və zirehli texnikalara böyük maraqla tamaşa edəcəklər.

Aviaşou isə festivalın ən yaddaqalan hadisələrindən biri olacaq.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş ölkələrimizin pilotlarının iştirakı ilə keçiriləcək aviaşounun bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olacağını vurğulayan A.Qurbani deyib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edəcək. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gələcək və bu dəfə də tamaşaçıları heyrətləndirəcəklər.

Möhtəşəm Zəfər paradının da aparıcısı olmuş Abdulla Qurbani qeyd edib ki, “ay-ulduz”lu türk bayrağını dünyada, əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran Azərbaycanın milli şahinləri də öz məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran edəcəklər.
“Ulu öndər Heydər Əliyev hələ 25 il öncə Azərbaycan Təyyarəçilik Məktəbinin ilk məzunlarına xeyir-dua verərkən demişdi: “İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanın istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər. Artıq Ulu Öndərin arzuları, vəsiyyəti yerinə yetirilib, bu gün həm Ulu Öndərimizin, həm də şəhidlərimizin ruhları şaddır ki, Qarabağımız düşmən işğalından azad edilib”, - Abdulla Qurbani deyib.
Aviaşou haqqında danışan A.Qurbani əlavə edib ki, bu möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayacaq. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandıracaq.
Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayacaq.
MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdacaq və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid edəcək və əminik ki, bu göstərilər hər bir festival iştirakçısının böyük marağına səbəb olacaqdır.
Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları təəcübləndirəcək.
Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbaladır. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.
“TEKNOFEST Azərbaycan” festivalının təntənəli açılışına və festival çərçivəsində Azərbaycan və Türkiyə milli şahinlərinin təqdim edəcəkləri möhtəşəm aviaşounun başlanmasına sayılı dəqiqələr qalır. Festivala uğurlar arzulayırıq.

Sərgilər 2022-05-26 10:25:00