×
A
A
A
Sazlamalar

AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 illik yubileyi qeyd olunub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Memarlıq və İncəsənət İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə yubilyarın zəngin və çoxsahəli fəaliyyətindən, memarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərdən danışıb. O, Cəfər Qiyasinin memarlıq fəaliyyətində hər zaman aktual və dəyərli mövzulara müraciət etdiyini, Təbriz memarlıq məktəbi, Nizami dövrü memarlıq abidələri, Qarabağ abidələri kimi mövzuların alimin elmi yaradıcılığının əsas xəttini təşkil etdiyini bildirib. Qeyd edib ki, professor Cəfər Qiyasinin elmi axtarışları, onun zəkasının, elmi təfəkkürünün məhsulu olan əsərlər digər tədqiqatçılar üçün yol açıb, yeni yaradıcılıq istiqamətlərinin yaranmasına səbəb olub.
Ə.Salamzadə əlavə edib ki, Cəfər Qiyasinin müstəqillik dövrü araşdırmaları milli identiklik axtarışlarını, eləcə də Azərbaycana qarşı hərbi və mədəni təzyiqləri özündə əks etdirir. Alimin layihəsi əsasında, həmçinin Türkiyədə “İğdır soykırım anıtı” əsəri ərsəyə gətirilib.
Baş direktor alimin təşkilati fəaliyyətindən də söz açaraq, Cəfər Qiyasinin Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərdiyini, uzun illər Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini icra etdiyini diqqətə çatdırıb.
İnstitutun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri professor Rayihə Əmənzadə “Nizami dövrü abidələri Cəfər Qiyasinin yaradıcılığında” mövzusunda məruzə ilə çıxış edib. O, yubilyarın Azərbaycanın memarlıq tarixindəki dəyərli rolundan danışıb, onun bənzərsizliyi ilə seçilən layihələrin müəllifi olduğunu qeyd edib. Məruzəçi Cəfər Qiyasinin “Nizami dövrü memarlıq abidələri” kitabından da danışıb. Qeyd edib ki, burada məqalələr “Məscidlər”, “Türbələr”, “Körpülər” və “Qalalar” başlıqları altında təsnif olunub. Həmçinin dövrün müxtəlif memarlıq bəzəkləri haqqında məlumat verilib, Nizami Gəncəvinin öz əsərlərində bəhs etdiyi memarlar barədə bəzi qeydlər yer alıb.
“Əsərdə professor Cəfər Qiyasi tərəfindən qarşıya qoyulan məsələlərdən biri – orta əsrlər Azərbaycanında tikililərin tipologiyası idi. O, hökmdarların orta əsrlərdə ən çox önəm verdikləri müdafiə qurğuları məsələsinə xüsusi yer ayırır. Alimin monoqrafik tədqiqatlarında müdafiə qurğularının tipləri nəzərdən keçirilib. Bundan başqa, Nizami dövrü Azərbaycan xatirə tikililəri arasında Səlcuq xatirə tikililəri də təhlil olunub”, - deyə R.Əmənzadə bildirib.
Daha sonra institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri dosent Rahibə Əliyeva “Memar Cəfər Qiyasinin elmi yaradıcılığı” və Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Rizvan Babaşov “Qarabağ memarlığı Cəfər Qiyasinin yaradıcılığında” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə digər çıxış edənlər Azərbaycan memarlıq sənətinin görkəmli nümayəndələrindən olan Cəfər Qiyasini yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını bildiriblər. Qeyd olunub ki, memarın yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək.
Sonda AMEA-nın müxbir üzvü Cəfər Qiyasi çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Elm və təhsil 2022-05-25 19:03:00