×
A
A
A
Sazlamalar

Sevinc Əliyeva: Müsabiqə iştirakçıları Qarabağımızı bütün gözəllikləri ilə tərənnüm etməyi bacardılar

Bakı, 25 may, AZƏRTAC

Bu gün Qarabağımıza həsr olunan və “Şuşa İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsinin yekun tədbiri keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd gələcəyin filoloq və jurnalistlərinin Qarabağ mədəniyyətinə, Şuşamıza olan sevgisini, vətənpərvərlik ruhunu duymaq, eyni zamanda, onların dilimizin zənginliyindən istifadə edərək yaradıcılıq qabiliyyətinin, bilik və bacarıqlarının yoxlanılması idi.
Bunu AZƏRTAC-a müsahibəsində Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva söyləyib.
“Müsabiqəyə 53 yazı təqdim olunmuşdu. “Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsini çox uğurlu hesab edirəm. Burada qalib Azərbaycan dili, eyni zamanda, müstəqil Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağımız və onun tərənnümü idi ki, bu da çox yüksək səviyyədə həyata keçirildi. Hesab edirəm ki, Azərbaycan dilinin qorunması və düzgün tətbiqi üçün artıq bizim gəncliyimiz yetişir və ata-babalarımızdan bizə miras qalan dilimiz etibarlı əllərdədir. Doğma dilimizin gələcək təbliğatçıları bu insanlardır ki, onlar müsabiqədə Azərbaycan dilinin zənginliyindən istifadə edərək Qarabağımızı olduğu kimi bütün gözəllikləri ilə tərənnüm etməyi bacardılar”, - deyə Sevinc Əliyeva bildirib.

Elm və təhsil 2022-05-25 16:11:00