×
A
A
A
Sazlamalar

Tarix Muzeyi Rəşid bəy Əfəndiyevin 160 illik yubileyi ilə əlaqədar kataloq hazırlayacaq

Bakı, 24 may, AZƏRTAC

Gələn il görkəmli nasir Rəşid bəy Əfəndiyevin 160 illik yubileyi ilə əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında kataloqun hazırlanması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Rəşid bəy İsmayıl oğlu Əfəndiyev 1863-cü il mayın 24-də Şəki şəhərində anadan olub. Hələ Qori müəllimlər seminariyasında oxuyarkən dramaturgiya ilə maraqlanıb, “Qan ocağı” pyesini yazaraq məktəb səhnəsində tamaşaya qoyub. İlk əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar bədii yaradıcılıqla ardıcıl məşğul olub. Rəşid bəy Azərbaycanın məşhur müəllimlərindən olub, ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına həsr edib. Onun “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətül-ətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanıb. Rəşid bəyin “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis səfərləri”, “Diş ağrısı”, “Təbiətdə əhvali-məişət” adlı dramları da var. O, həmçinin maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazıb, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə edib. Eyni zamanda, Firdovsidən “Rüstəm və Söhrab” əhvalatını, Şillerdən “Cam” adlı mənzuməni tərcümə edib.
Görkəmli maarif xadimi, nasir Rəşid bəy Əfəndiyev 1942-ci il avqust ayının 31-də vəfat edib.

Elm və təhsil 2022-05-24 17:51:00