×
A
A
A
Sazlamalar

Siyəzəndə atletika üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Siyəzən, 24 may, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə 28 May - Müstəqillik Günü və Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi münasibətilə keçirilən atletika idman növü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə birgə təşkil etdiyi birincilikdə 2005-2006-cı il təvəllüdlü oğlanlar yarışıb.
Yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin Siyəzəndə inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, Azərbaycan birinciliyində iştirak edəcək rayon komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda 40-a yaxın atlet qüvvəsini sınayıb.
Yarışın nəticələrinə əsasən Salman Salmanov, İlham Qasımov, Cavidan Hüseynov, Təhmin Hüseynalıyev müxtəlif məsafəyə qaçış üzrə qalib adını qazanıblar. Yarışın ümumi nəticəsinə görə şəhər 1 saylı tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası III olub.
Qalib idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

Regionlar 2022-05-24 17:15:00