×
A
A
A
Sazlamalar

“Məşqçilərimizi tanıyaq” layihəsinin növbəti qonağı Qurban Qurbanov olub

Bakı, 23 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəsi çərçivəsində növbəti görüş olub. Budəfəki qonaq Əməkdar məşqçi, “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək qonağı salamlayıb və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Q.Qurbanova nazirliyin xüsusi mükafatını təqdim edib.
Q.Qurbanovun karyerasından bəhs edən videoçarxın nümayişindən sonra mütəxəssis öz maraqlı xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda Q.Qurbanov ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib.
Qeyd edək ki, Əməkdar məşqçi Qurban Qurbanovun idmanın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və təcrübəli mütəxəssis Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

 

İdman 2022-05-23 18:55:00