×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetində “Data elmi - nəzəriyyədən təcrübəyə” mövzusunda təlim

Bakı, 13 may, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “PAŞA Bank"ın təşkilatçılığı ilə tələbələr üçün “Data elmi - nəzəriyyədən təcrübəyə” mövzusunda növbəti təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov data elmi ilə bağlı yeniliklərin tələbələrin karyera imkanlarına töhfə verəcəyini bildirib. Böyük məlumatların emal edilməsinin gələcəyin trendi olduğunu deyən Vasif Həsənov tələbələrə bu cür təlimlərdə iştirakın vacibliyini xatırladıb.
Sonra “PAŞA Bank”ın Data elmi şöbəsinin müdiri İlker Kurtuluş mövzu ilə bağlı təlimə başlayıb. O, müvafiq sahənin əmək bazarında yeni olduğunu bildirərək, tələbələrin özlərini bu istiqamətdə inkişaf etdirmələrini tövsiyə edib.
Görüşdə BDU təhsilalanların əmək bazarının yeni ixtisaslarına adaptasiyası, yumşaq bacarıqların yaxşılaşdırılması məqsədilə bank tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Texnologiya 2022-05-13 16:48:00