×
A
A
A
Sazlamalar

Yeniyetmə güləşçilərimiz beynəlxalq turnirin ilk iki günündə 12 medal qazanıblar

Bakı, 10 may, AZƏRTAC

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, İran və Fransadan ümumilikdə 344 idmançı iştirak edir. İlk iki yarış gününün yekununda güləşçilərimiz 12 (2 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanıblar.
Sərbəst güləşçilərimizdən Ağanəzər Novruzov (71 kq) qızıl, Sadiq Hüseynov (45 kq) gümüş, Muhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) bürünc medala sahib olublar.
Yunan-Roma güləşçilərimizdən Murad Əliyev (51 kq) qızıl, Hüseyn Savadov (45 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) gümüş, Vüsal Quluzadə (51 kq) isə bürünc medal əldə ediblər.
Qadın güləşində isə Aysel Məmmədzadə (46 kq) bürünc medal qazanıb.
Turnirin ikinci günündə - mayın 10-da digər çəki dərəcələrində mübarizəyə start verilib. Sərbəst güləşdə Vasif Bağırov (48 kq), İlyas İsayev (65 kq) və Şəmistan Axundov (80 kq) finala yüksəlib. Təbriz Bayramov (80 kq) bürünc medal üçün güləşəcək. Yarımfinal görüşündə hesabda 5:1 öndə olarkən ayağından ciddi zədə alan Musa Ağayev (65 kq) isə yarışı başa vurmaq məcburiyyətində qalıb.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq), Əli Əlizadə və Seymur Qasımov (hər ikisi 65 kq) finala vəsiqə qazanıb. Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qızların yarışında Elvina Kərimzadə (43 kq) və Ruzanna Məmmədova (49 kq) finala adlayıb. Yarımfinalda məğlub olan Fatimə İsayeva (65 kq) isə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, turnirə mayın 11-də yekun vurulacaq.

 

İdman 2022-05-10 22:31:00