×
A
A
A
Sazlamalar

Sağlam qida qaraciyərin fəaliyyətinə kömək edir

Bakı, 6 may, AZƏRTAC

İnsan bədənində ən vacib orqanlardan biri olan qaraciyərin təmizlənməsi və yenilənməsində sağlam qidalanma böyük rol oynayır. Bəzi qidalar qaraciyərdəki toksinləri xaric edərək, onun sağlamlığını qoruyur.
Antioksidant tərkibli olan sarımsaq qaraciyərin təmizlənməsi üçün vacib bir qidadır. Vitaminlərlə zəngin olan sarımsaq qaraciyər fermentlərini aktivləşdirir, toksinlərin bədəndən çıxarılmasına imkan yaradır.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, sarımsağın tərkibindəki kükürd birləşmələri orqanizmdəki fermentlərin istehsalına kömək edir. Təbii antibiotik hesab edilən sarımsağın çiy yeyilməsi daha məqsədə uyğundur.
Bədənin sağlam yağ qəbul etməsi üçün ən faydalı meyvə olaraq bilinən avokado qaraciyərin bərpasını təmin edir və tərkibindəki omega-6 yağı ilə hüceyrələri yeniləyir. Eyni zamanda avokado bədəndəki zərərli yağ turşularını məhv edir.
Sağlam qaraciyər üçün vacib qidalardan biri də üzümdür. Aparılan tədqiqatlarda üzüm tumunun qaraciyər zədələnməsi probleminə müsbət təsir etdiyi müşahidə edilib. Bədəni zərərli toksinlərdən təmizləmək kimi vacib bir vəzifəsi olan qaraciyərin öz-özünü yeniləməsi üçün gün ərzində 2-3 litr su içmək tövsiyə olunur.
Spirtli içkilər, qızartma qidalar və yağlı souslar qaraciyərin sağlamlığı üçün ziyandır.

 

Sağlamlıq klubu 2022-05-06 18:36:00