×
A
A
A
Sazlamalar

Biləcəri yuyucu-buxarlayıcı stansiyasına mediatur təşkil olunub VİDEO

Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Biləcəri yuyucu-buxarlayıcı stansiyasına mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 2005-ci ildə Biləcəri yuyucu-buxarlayıcı stansiyasında yenidənqurma işlərinə aparılsa da, çən vaqonlarının buxarla yuyulması texnologiyası primitiv olduğundan bu iş fiziki güc tələb edirdi. Qısası, köhnəlmiş texnologiya və avadanlıq çən vaqonlarının keyfiyyətli yuyulmasına imkan vermirdi. Həmçinin ötən illər ərzində daşınan neft məhsullarının çeşidi dəyişdiyindən çən vaqonlarının keyfiyyətli yuyulmasına tələbat artırdı. Bütün qeyd edilənləri nəzərə alaraq, Biləcəri yuyucu-buxarlayıcı stansiyasının yenidənqurulması zərurəti yaranmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında, dəmir yollarında aparılan islahatlar çərçivəsində, stansiyada yenidənqurma işlərinə start verildi. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq üçün təmir-bərpa prosesi mərhələlərlə aparıldı.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova bildirilib ki, hazırda çənlərin təmizlənməsi avtomatik rejimdə həyata keçirilir. Bu prosesə 1,5-2 saat vaxt sərf olunur. Biləcəri yuyucu buxarlayıcı stansiyada yaradılan yeni istehsalın əsaslı fərqi ekoloji cəhətdən dünya standartlarına cavab verməsidir. Ətraf mühitə təsirin azaldılması üçün buxarın verilməsi və çirkli suların təmizlənməsində qapalı sikl tətbiq edilib. Çən vaqonlarının yuyulduğu vaxt əmələ gələn neft və neft məhsulları ilə çirklənmiş sular qapalı drenaj qurğusu vasitəsi ilə təmizləyici qurğuya-flotatora daxil olur. Burada çirklənmiş sular təmizlənərək yenidən çənlərin yuyulmasında istifadə edilir. Çirklənmiş sudan ayrılan qalıq neft məhsulları isə emal olunur. Bu da ətraf mühitə zərəri minimuma endirir.
Yuyucu-Buxarlayıcı Stansiyanın baş mühəndisi İlham Abdullayev qeyd edib ki, Biləcəri yuyucu-buxarlayıcı stansiyası mürəkkəb relyefdə yerləşdiyindən, burada uzun müddət qrunt sularının yığılması müşahidə olunurdu. Bunun qarşısını almaq üçün ərazidə yeni drenaj sistemi qurulub. Müasir drenaj sistemi qrunt sularının və atmosfer yağıntıların yığılmasına, təmizlənməsinə və əldə edilən texniki suyun təkrar istifadəsinə şərait yaradır. Texniki sular suvarmaya və istehsal prosesinə yönəldilir. Bununla da ekolojı zərərin qarşısı alınır, su sərfiyyatının və məsrəflərin azalmasına imkan yaranır. Məsələn, əvvəllər Biləcəri yuyucu-buxarlayıcı stansiyasında mövsümdən asılı olaraq su sərfiyyatı ayda 3-5 min kubmetr təşkil edirdisə, indi bu rəqəm 400-600 kubmetrdir.
Yenidənqurma işlərinin gedişatı ilə tanış olmaq üçün 2018-ci ildə stansiyaya baxış keçirən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin tapşırığı əsasında, elə həmin gündən burada təmir-bərpa işlərinə və avadanlıqların əvəz edilməsi prosesinə başlanıldı. Həmin vaxtdan stansiya “ADY Express” MMC-nin tərkibinə daxil edilib və qurum 15 il ərzində işlək vəziyyətdə olmayan, vaqonların üz tərəfdən yuyulmasını həyata keçirən qurğuda çox mürəkkəb təmir prosesinə start verdi. İşlək vəziyyətə gətirilən qurğu vasitəsilə eyni anda 3 çən vaqonun üz tərəfdən, tam avtomatik rejimdə yuyulmasına şərait yaradılıb.
Biləcəri yuyucu-buxarlayıcı stansiyasında istehsal prosesini əhatə edən qurğulardan başqa, burada çalışan əməkdaşların əmək və məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan yardımçı tikililərdə də əsaslı təmir işləri aparılıb.
Stansiyanın ərazisindəki 1964-cü ildə inşa edilmiş və yararsız vəziyyətdə olan bina da yenidən təmir edilib və orada təlim-tədris mərkəzi yaradılıb.

Nəqliyyat 2022-04-28 18:56:00

Video