×
A
A
A
Sazlamalar

Arıqlama çayları vasitəsilə itirilən çəki onun qəbulu dayandırılandan sonra ikiqat bərpa olunur

Bakı, 23 aprel, AZƏRTAC

İdman və fiziki hərəkətlər vasitəsilə arıqlamağa tənbəllik edən, pəhriz saxlamağa iradəsi və səbri çatmayanlar bəzən eşitdikləri və ya hansısa reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən çay və dərmanlara üz tuturlar. Onlar həmin vasitələrlə tez və çox sürətlə arıqlamaq istəyirlər.
Arıqlamaq üçün tətbiq edilən həmin üsullar barədə həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Arıqlama çayları və arıqlama dərmanlarının qəbulu yanlışdır, çünki həmin çaylar birbaşa mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, bağırsağın mikroflorasını demək olar ki, tamamilə zədələyir. Bu, gələcəkdə bağırsaq xərçəngi riskini artırır. Arıqlama çayları və dərmanları vasitəsilə 3-7 kiloqramdan artıq çəki itirmək mümkün deyil. Hətta həmin çayların qəbulu dayandırılandan sonra itirilən çəki iki dəfədən də çox bərpa olunur. Arıqlama çaylarının ən mənfi cəhətlərindən biri də orqanizmdən çoxlu miqdarda maye itirilməsinə səbəb olmasıdır. Onun qəbulu başağrısı, halsızlıq, başgicəllənmə, qusma, ishal və s. kimi ağırlaşmalara da səbəb ola bilir. Ona görə də həmin çayların qəbulu tövsiyə edilmir”.

Sağlamlıq klubu 2022-04-23 12:24:00