×
A
A
A
Sazlamalar

Kəngərlidən pərvazlanıb, Qızıllı Kəngərlidə şəhidlik zirvəsinə ucalan tankçının xatirəsi anılıb

Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Lisey günü ərəfəsində Ağdam rayonunun işğaldan azad olunan Qızıllı Kəngərli kəndində şəhid zabit Əhməd Suliddin oğlu Mehbalıyevin xatirəsinə həsr edilən tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik rəsmilərinin, bölgədə xidmət keçən hərbi qulluqçuların və yaradıcı heyət üzvlərinin iştirak etdikləri tədbirdə respublikamızın ərazi bütövlüyü, tarixi torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək şəhid baş leytenantın hər bir gənc üçün örnək olan mənalı ömür və döyüş yolundan söhbət açıb.
Qeyd edilib ki, Əhməd Mehbalıyev 1968-ci il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. Qıvraq indi qəsəbə olmaqla, yeni yaradılan Kəngərli rayonunun mərkəzinə çevrilib.
Kəngərli rayonundan pərvazlanan Əhməd kənd orta məktəbində 7-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, Kazan Ali Tank Məktəbini bitirib. Bir müddət Kiyev, Moskva şəhərlərində tank qoşunlarının hərbi hissələrində tank komandiri kimi xidmət edib.
Diqqətə çatdırılıb ki, 1991-ci ildə Vətənə qayıdan gənc zabit ilk gündən Qarabağ uğrunda döyüşlərə yollanıb. Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Tərtər döyüşlərində əsl peşəkarlıq, qəhrəmanlıq və igidlik nümunələri göstərib.
Silahdaşlarının “Kəngərli balası” deyə çağırdıqları tank taqımı komandiri baş leytenant Əhməd Mehbalıyevin ömür yolu 1993-cü ilin iyunun 25-də Ağdam rayonunun Qızıllı Kəngərli kəndində şəhidliklə başa çatıb. O, bu kənd uğrunda düşmənlə qeyri-bərabər döyüşdə son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Bakıda Birinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə son mənzilə yola salınan igid tankçı Əhməd Suliddin oğlu Mehbalıyev Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Xatirəsi həmişə əziz tutulan şəhid zabitin adı Bakı şəhərindəki küçələrdən birinə verilib, 50 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Hərbi qulluqçulardan Seymur Həbibullayev, Fəqan Əliyev, Ramil Nəzərov və başqaları çıxış edərək Əhməd Mehbalıyevin, eləcə də bütün şəhidlərimizin intiqamını aldıqlarını və Vətən müharibəsində qazandıqları möhtəşəm zəfər ilə xalqımıza böyük Qələbə sevinci yaşatdıqlarını iftixar hissi ilə vurğulayıblar.
Xidmətdə fərqlənən döyüşçülərə tankçı Əhməd Mehbalıyev haqqında da geniş məlumat verilən Abdulla Qurbaninin “Böyük gələcəyə baxış” adlı yubiley nəşri hədiyyə edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti şəhidlərin ölməzliyinə, müzəffər Ordumuzun qalibiyyətinə, döyüşçülərimizin şücaətinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Ordu 2022-04-19 19:09:00