×
A
A
A
Sazlamalar

Qida rejiminə qaydasında əməl etmək lazımdır ki, ciddi problemlər yaranmasın

Bakı, 18 aprel, AZƏRTAC

Belə bir məsəl var. Deyərlər, səhər yeməyini özün ye, günortanı dostunla bölüş, axşamı düşməninə ver. Mütəxəssislər isə səhər az yeməyi, axşam isə yeməkdən tam imtina etməməyi məsləhət görürlər. Lakin axşam yeməyindən imtina edənlərin sayı kifayət qədərdir.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Vüsalə Şükürova saat 18-dən sonra qidalanma qaydası haqqında deyib: “Yatmağa 3 saat qalana qədər qidalanmaq olar, lakin meyvə yeməyi həmin vaxta qədər yeyib qurtarmaq lazımdır”.
Axşam yeməyindən imtina insan orqanizmi üçün çox ziyanlıdır. Onun sözlərinə görə, aclıq hissi varsa, az həcmdə yemək lazımdır. Axşam yeməyinin meyvələrlə əvəz olunması da doğru deyil: “Bütün gün çoxlu kalorili qidalar qəbul edib saat 18-dən sonra ac qalsaq da, yenə də arıqlamaq mümkün olmayacaq. Əslində saat 18-dən sonra qida qəbul etmək olar. Nə ilə qidalanmağa gəlincə, axşamlar proteinlər, xüsusilə ət, toyuq, balıq, nişastasız, yəni kartof və qarğıdalıdan istifadə etmədən, pomidor-xiyar, kələm, göy-göyərtidən ibarət tərəvəzlər qəbul etmək olar. Hətta soyutma əti saat 20-yə qədər istehlak edəndə orqanizmdə heç bir problem yaranmır”, - deyə həkim-diyetoloq bildirib.
Çox vaxt kökəlməyi, çəki artımını və s. əsas gətirərək saat 18-dən sonra qida qəbul etmirlər. Həkim-diyetoloqun dediyinə görə, bu da sağlamlıq baxımından düzgün deyil. Ona görə də gündəlik qida rejiminə qaydasında əməl etmək lazımdır ki, ciddi problemlər baş verməsin.

Sağlamlıq klubu 2022-04-18 12:15:00