×
A
A
A
Sazlamalar

AMEA YT Park “TEKNOFEST Azərbaycan” festivalında yeni texnoloji nailiyyətlər nümayiş etdirəcək

Bakı, 15 aprel, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC mayın 26-dan 29-dək Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək sərgidə iştirak edəcək.
Bu barədə AZƏRTAC-a “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov məlumat verib. O, bildirib ki, sərginin AMEA üçün ayrılmış pavilyonunda “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının (PUA) təqdimatı keçiriləcək.
Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi ilə bağlı görülən işlərdən danışan direktor qeyd edib ki, bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş həllərdir və multispektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur. Bu həllər fermerlərin müasir innovasiya və texnologiyalardan istifadəsini daha da genişləndirəcək, eləcə də Kənd Təsərrüfat Nazirliyinin keçirdiyi innovasiya sərgilərində təqdim olunacaq.
“Düşünürük ki, “TEKNOFEST Azərbaycan”da təqdim olunacaq bu layihə müvafiq sahədə tədqiqatlar aparan, bitki və torpaq örtüyünü öyrənən nazirlik və təşkilatların da diqqətini cəlb edəcək və yeni fürsətlər açacaq”, – deyə müəssisənin direktoru vurğulayıb. Onun sözlərinə görə, bu kimi tədbirlər müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri bir araya gətirməklə, ortaq innovativ layihələr həyata keçirməklə yeni həllərin yaradılmasına da böyük töhfə verəcək.
Direktor bildirib ki, tədbirdə diqqət çəkən digər bir məqam da PUA və “Planer” müsabiqələrinin yalnız tələbələr arasında keçirilməsidir: “Bu, artıq onu göstərir ki, tədbirin təşkilatçıları Azərbaycanda bu sahədə fəaliyyət göstərən mütəxəssislərin mövcudluğundan xəbərdardır və sahənin genişlənməsi üçün gəncləri bu işlərə təşviq edir. Eyni zamanda, ümid edirik ki, bu tədbirdən sonra, ölkəmizdə dronlara sahib olmaq üçün qoyulan tələblər yumşaldılacaq və yerli istehsal üçün geniş imkanlar açılacaq”.
Z.Nəsibov hazırda AMEA-nın iki institutu ilə PUA-nın hazırlanması, təkmilləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı layihələrin davam etdirildiyini bildirib.

Texnologiya 2022-04-15 18:31:00