×
A
A
A
Sazlamalar

Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi metod və alqoritmləri işlənilir

Bakı,14 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. O bildirib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi müasir informasiya cəmiyyətində ktual və mürəkkəb vəzifədir. Kiber-fiziki sistemlər Sənaye 4.0 konsepsiyasının həyata keçirilməsində baza texnologiyadır və insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunan intellektual obyektlərin əsas komponentidir.
İddiaçının sözlərinə görə, kiber-fiziki sistemlərin böyük verilənlərinin toplanması, birləşdirilməsi, saxlanması və analizinin texnoloji xüsusiyyətlərinin, informasiya texnologiyaları və əməliyyat texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi problemlərinin araşdırılmasına, kiber-fiziki sistemlərin böyük verilənlərinin intellektual analizi üçün yeni metod və alqoritmlərin, eləcə də kiber-fiziki sistemlərə kiberhücumların aşkarlanması metodlarının işlənib hazırlanmasına ehtiyac var.
Sonra çıxış edən dissertasiya işi üzrə elmi rəhbər – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, kiber-fiziki sistemlərin müəyyənləşdirilməsinin əsas anlayışları və müvafiq terminologiyanın dərindən öyrənilməsi, müvafiq sahə üzrə beynəlxalq təcrübənin araşdırılması son dərəcə vacibdir.
“İnformasiya texnologiyalarının kibertəhlükəsizliyi ümumi, əməliyyat texnologiyalarının kibertəhlükəsizliyi isə spesifik xarakter daşıyır. Bu baxımdan müasir kiber-fiziki sistemlərin arxitektur xüsusiyyətlərinin dərindən araşdırılması da mühüm əhəmiyyət kəsb edir”, – deyə alim əlavə edib.
Akademik R.Əliquliyev tədqiqat işi üzrə araşdırmaların daha da intensivləşdirilməsini tövsiyə edib. Mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin dissertasiya işində nəzərə alınmasının önəmini qeyd edib.
Daha sonra dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-04-14 15:26:00