×
A
A
A
Sazlamalar

AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Şuranın sədri akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələni diqqətə çatdırıb. O, tədbirin “AK PACK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi “Yüksək texnologiyanın tətbiqi ilə polipropilen tərkibli kompozit məhsulların istehsalı və çapı” layihəsinin müzakirəsinə həsr olunduğunu bildirib.
Daha sonra “AK PACK” MMC-nin nümayəndəsi İsmayıl Kərimov çıxış edərək müəssisənin Texnoparka rezidentlik üçün təqdim etdiyi layihə və “AK PACK” MMC-nin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, layihə qida sənayesində istifadə olunacaq polipropilen tərkibli kompozit məhsulların istehsal sahəsinin təşkil olunmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihənin məqsədi ekoloji cəhətdən təmiz, qida məhsulları istehsalında (süd məhsulları, dondurma, çərəz və s.) istifadə edilən polipropilen tərkibli keyfiyyətli kompozit məhsulların istehsalını qurmaqdan və satışını həyata keçirməkdən ibarətdir.
“Valyuta ehtiyatlarının təmin edilməsi baxımından yeni texnologiyalarla təchiz edilmiş, respublikada analoqu olmayan sənaye sahələrinin inkişaf etdirilməsi zəruridir”, - deyən İsmayıl Kərimov YT Parkda icrası nəzərdə tutulan layihənin polipropilen tərkibli kompozit məhsulların istehsalı sahəsinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsində, eyni zamanda, ixracyönümlü məhsul istehsalı və respublikadan valyuta axınının qarşısının qismən alınmasında yardımçı olacağını diqqətə çatdırıb. O, həmçinin istehsal zamanı tətbiq olunan müasir tələblərə cavab verən avadanlıq, çap makinaları barədə məlumat verib.
Məruzəçi bildirib ki, layihənin gerçəkləşdirilməsi üçün yerli mütəxəssislərlə yanaşı, bu sahədə Avropa ölkələrində, xüsusən də Türkiyədə ixtisaslaşmış şirkətlərin təcrübəsi əsasında iş fəaliyyətinin qurulması nəzərdə tutulur. Məhsulun xarici bazarlarda da satışa çıxarılmasının planlaşdırıldığını deyən müəssisənin nümayəndəsi gələcəkdə istifadə olunacaq xammalın təkrar emalı xüsusiyyəti sayəsində itkiyə yol verilməyəcəyini vurğulayıb. İsmayıl Kərimov bu istiqamətdə AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını da diqqətə çatdırıb.
İclasda məsələ ətrafında rəy və təkliflər dinlənilib. Müzakirələrdə kompozit materialların alınması üsulu, qablaşdırılma avadanlığının seçilməsi, qida məhsullarında polipropilen məhsullardan istifadənin üstünlükləri, bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, istehsal zamanı rəqabətədözümlü texnologiyaların tətbiqi, Azərbaycan alimlərinin bu işlərə cəlb olunması perspektivlərinin müəyyən edilməsi və AMEA-nın müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıqların qurulması, eləcə də keyfiyyətli texnoloji yeniliklərin ortaya çıxarılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirdə “AK PACK” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda Şura sədri akademik Rasim Əliquliyev müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına və ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcəyinə inamını ifadə edib.

Texnologiya 2022-04-12 18:35:00