×
A
A
A
Sazlamalar

BDU-da “Karbon nanoboruları/qrafen oksidi əsaslı hibrid kompozitlərin alınması və xassələri” mövzusunda seminar

Bakı, 12 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Karbon nanoboruları/qrafen oksidi əsaslı hibrid kompozitlərin alınması və xassələri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda laboratoriyanın böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Flora Hacıyevanın mövzu üzrə məruzəsi dinlənilib. Məruzəçi karbon nanoboruları, qrafen və qrafen oksidinin quruluşu, fiziki və kimyəvi xüsusiyyətləri, əsas alınma metodları və bu metodların hibrid strukturların quruluş və xassələrinə təsiri mexanizmi haqqında iştirakçılara geniş məlumat verib.
Qeyd olunub ki, karbon nanoboruları/qrafen oksid əsaslı hibrid kompozitləri təmiz karbon nanoboruları və qrafen oksidi ilə müqayisədə daha yaxşılaşdırılmış elektrik və mexaniki xassələrə malik olduqları üçün onları şəffaf keçirici elektrodların, superkondensatorların, litium-ion batareyalarının, fotokatalitik elementlərin və yüksək davamlı polimer kompozitlərin alınmasında tətbiq etmək mümkündür.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-04-12 11:22:00