×
A
A
A
Sazlamalar

Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır

Bakı, 11 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar aprelin 11-dən 16-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Kursa qəbul olunmaq istəyən namizədlərin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət zamanı təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.
Sənədlər aprelin 11-dən 16-dək hər gün saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyində (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) qəbul olunur. Əlavə məlumatı (012) 538-35-70 nömrəli telefon vasitəsilə almaq mümkündür.

Ordu 2022-04-11 12:22:00