×
A
A
A
Sazlamalar

İnformatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsilə yüksəldilməsi üçün yeni yanaşma işlənilib

Bakı, 8 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “İntellektual oyunlardan istifadə informatika təlimi keyfiyyətini yüksəltməyin vasitəsi kimi” mövzusunda növbəti elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işini təqdim edən institutun dissertantı Bahar İsmayılova informatikanın tədrisi keyfiyyətinin intellektual oyunlar vasitəsilə yüksəldilməsi üçün yeni yanaşma - metodika, texnologiya, model işləndiyini, təklif edilmiş metodika, model əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sisteminin hazırlandığını vurğulayıb.
Tədqiqatçı bir sıra kompüter oyunları, onların yaranma tarixindən də söz açaraq bildirib ki, bu oyunlar əyləncə, ictimai təhsil, proqnozlaşdırma, ictimai təsir və s. kimi ehtiyaclardan yaranıb.
Daha sonra o, məktəb informatika kursunun xüsusiyyətləri, fənnin tədrisinin aktual problemlərindən danışıb. Qeyd olunub ki, təhsil sisteminin modernləşdirilməsi, təhsilalanların intellektual səviyyəsinin, həyati bacarıqlarının təkmilləşdirilməsi, informasiya texnologiyalarının sürətli inkişafı, onlardan tədris məqsədli istifadə üçün yeni imkanların yaranması müasir dövrdə böyük aktuallıq kəsb edir.
Sonra mövzuya dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-04-08 13:02:00