×
A
A
A
Sazlamalar

“ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” respublika rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də BMT Uşaq Fondunun, Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Təhsil Nazirliyinin tərəfdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə reallaşdırılmış “ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” respublika rəsm müsabiqəsinin RUGİM-də mükafatlandırma mərasimi keçirilib.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin final mərhələsi 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününün qeyd edilməsinə həsr olunub. BMT Baş Assambleyasının qətnaməsi ilə 2005-ci ildən etibarən hər il qeyd olunan bu əlamətdar gündə ictimaiyyətin diqqəti, ilk növbədə, mülki əhalinin təhlükəsizliyinə, həmçinin minalanmış ərazilərdə iqtisadi, sosial təsirlərin aradan qaldırılmasına yönəldilir.
Tədbirin rəsmi hissəsində UNICEF–in Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənovanın, ANAMA-nın Maarifləndirmə işləri şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyevin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Silahların çirklənməsi proqramı üzrə koordinatoru Bishnu Mahatın, Beynəlxalq Qızıl Xaç Komitəsinin Silahların yaratdığı təhlükə məsələləri ilə bağlı şöbənin əməkdaşı Rövşən Hümbətovun, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadənin çıxışları dinlənilib.
“ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” respublika rəsm müsabiqəsinin təltifetmə mərasimində RUGİM-in “Qavaldaş” nağara ritm qrupu “Qarabağ” kompozisiyası ilə çıxış edib.
Rəsmi qonaqların və müsabiqə qaliblərinin iştirakı ilə keçirilən tədbirdə 6-11 yaş qrupu üzrə məktəblilər arasından qəbul olunan 250-dən çox rəsm işinin arasından I yerə Qurban Kövsər (Bakı şəhəri), II yerə Nuray Abbasova (Bakı şəhəri), III yerə Nərmin Əhmədzadə (Bakı şəhəri) layiq görülüblər. Fərqlənən digər 20 iştirakçıya hədiyyə və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, I yerə layiq görülən iştirakçının peşəkar dizayner tərəfindən “ANAMA-nın istehkamçı robotu”nun pilot nümunəsinin oyuncaq prototipi və maskotunun hazırlanması nəzərdə tutulur.

Texnologiya 2022-04-04 18:53:00