×
A
A
A
Sazlamalar

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dəyirmi masada çıxış edən AQUPDK yanında İctimai Şuranın sədri Sahib Məmmədov bildirib ki, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycanın deyil, bəşər tarixinin ən qanlı faciələrindən olan 1918-ci ilin mart soyqırımları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycanlıların kütləvi qırğını, doğma yurdlarından didərgin salınması XX əsr tarixinin ən qanlı səhifələrindən biridir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Bakı, Şamaxı, Quba və digər bölgələrdə törətdikləri qətliamların əsas məqsədi azərbaycanlıları xalq olaraq yer üzündən silmək, onların tarixi torpaqlarına sahiblənmək idi. Bu soyqırımı zamanı minlərlə insan qətlə yetirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, tarix boyu təcavüzkar siyasət həyata keçirməklə məşğul olan, qanlı və cinayətkar əməllər törədən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çeviriblər.
Diqqətə çatdırılıb ki, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Soyqırımı yalnız Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini alıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Lətifə Əliyeva Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi barədə məlumat verib, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı, törətdikləri vəhşiliklər barədə danışıb.
Milli Məclisin deputatları Nizami Cəfərov və Nizami Səfərov çıxış edərək erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar. Bildirilib ki, o faciələrdən əsrlər, illər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir.
Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan tədbirdə müzakirələr aparılıb.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat qəbul edilib.

31 mart 2022-03-31 20:10:00