×
A
A
A
Sazlamalar

Kamil Seyidov: Soyqırımı qurbanlarının qanı yerdə qalmadı

Bakı, 31 mart, AZƏRTAC

Bu günlərdə Xocalı rayonunun Fərrux kəndinin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş azərbaycanlıların qalıqları aşkarlanıb. Bu, erməni cəlladlarının soydaşlarımıza qarşı törətdikləri soyqırımını təsdiqləyən daha bir faktdır. Yeri gəlmişkən, xatırladaq ki, Fərrux kəndi və eyni adlı strateji əhəmiyyətli yüksəklik Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bu, rəşadətli Ordumuzun daha bir tarixi zəfəridir. Həmin ərazidə insan skeletlərinin aşkar olunması isə erməni vandalizminin növbəti nümunəsidir. Ümumiyyətlə, ermənilər zaman-zaman soydaşlarımıza qarşı dəhşətli soyqırımı aktları törədiblər.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov söyləyib.
Partiya sədri bildirib ki, xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən bir alət kimi istifadə edib və Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirib. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli soyqırımları, qətliamlar törədiblər. Ermənilərin faşistlərdən də qəddar və amansız, düşünülmüş və planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub.
K.Seyidov deyib ki, Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında özgə dövlətlərin torpaqları hesabına zaman-zaman inzibatı bölgü yaradılmasına nail olublar. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulub. Uydurma “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün, hətta erməni tarixini saxtalaşdırdılar. İşğal etdikləri Azərbaycan ərazilərində toponimləri dəyişdirməklə, guya, ermənilərin qədim dövlət olduğunu sübut etmək istəyirdilər. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayıldı. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
“Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib. Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Tarixi mənbələr də təsdiqləyir ki, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, çoxsaylı evlər talan edilib, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib”, - deyə partiya sədri bildirib.
O qeyd edib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub.
Ermənilərin soydaşlarımıza qarşı törətdikləri terror, qətliam və soyqırımı sahəsində son illər aparılmış araşdırmalardan söhbət açan K.Seyidov deyib: “Erməni vandalizmini təsdiqləyən çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq, elə bu günlərdə Xocalı rayonunun Fərrux kəndində aşkarlanmış insan skeletləri bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin Sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental Quba Soyqırımı Memorial Kompleksinin ucaldılması qətlə yetirilmiş soydaşlarımıza sonsuz ehtiramın bariz nümunəsidir”.
Partiya sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün bunların qisasını erməni faşistlərindən aldı. 2020-ci il noyabrın 10-da Ermənistanın siyasi və hərbi rəhbərliyi Azərbaycan Ordusuna təslim olduğunu rəsmən təsdiqlədi. Bu Qələbə Azərbaycanı bütövləşdirdi, erməni işğalına son qoydu. Şəhidlərimizin və soyqırımı qurbanlarının qanı yerdə qalmadı.

31 mart 2022-03-31 12:58:00